Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC yeni məhsulunu təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yaşı 20-dən az olmayan hər bir şəxs «Səbət» marketlərində 20 manat məbləğində alış-veriş edib müvafiq qəbz ilə və yaxud cəmi 1 manat ödəməklə «Box’ça» adlı xüsusi qutu ala biləcək.
«Box’ça» layihəsi əsasında əldə edilən xüsusi qutularda aktiv olmayan «Bolkart» hissə-hissə ödəniş kartı və ya pul krediti kartları, kartların aktivləşdirilmə şərtləri və aktivləşdirmək üçün ünvanlar yer alacaq. «Box’ça»nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.
Ödəniş etməklə «Box’ça»nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına, digər kredit təhlil məntəqələrinə, o cümlədən «Səbət» marketlərdəki bankın xüsusi kredit ekspertlərinə müraciət etməlidirlər. Kartların aktivləşdirilməsi üçün tələb olunan sənəd yalnız şəxsiyyət vəsiqəsidir.
Xatırladaq ki, «Box’ça» layihəsi çərçivəsində ayrılan «Bolkart» ilə «Səbət» marketlərində, eyni zamanda Bakının tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 40 mindən artıq vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün «Bolkart»dan istifadə edir.
«Box’ça» layihəsi əsasında əldə olunan pul kredit kartı 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 manatlıq kredit məbləğidir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə pul kredit kartı əldə edə bilər.
Müştəriyə kredit düşməyəcəyi halda ödədiyi 1 manat ona «Səbət» market tərəfindən geri qaytarılacaq. «Box’ça»dakı kartları Bakı, Sumqayıt və Abşerondakı 40-dan çox məntəqədə və «Bank of Baku» filiallarında aktivləşdirmək mümkündür.
«Bank of Baku»nun yeni məhsulu ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.