Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Monex» adlı daha bir pulköçürmə şəbəkəsi ilə əməkdaşlığa başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Monex» 2011-ci ildə yaradılıb və hazırda ölkə daxilində fəaliyyət göstərən ən qabaqcıl təcili pulköçürmə sistemlərindən biridir.
Bu sistemlə aparılan köçürmələr üzrə ölkədaxili komissiya haqqı 0,2%, ölkəxarici köçürmələr üzrə isə 1,5% təşkil edir. Bundan əlavə, «Monex» sistemi köçürməni dərhal almaq, rahat rəsmiləşdirmə, komissiyanın yalnız pulu köçürən şəxs tərəfindən ödənilməsi kimi üstünlüklərə malikdir. «Monex» sistemi Azərbaycanın 20-yə yaxın bankında, ölkənin əksər şəhər və rayonlarını əhatə edən 200-dən artıq filial və şöbələrində təmsil olunur. «Monex» sistemi Azərbaycan və Gürcüstanda yaşayan, işləyən, təhsil alan insanlar arasında pul mübadiləsinin aparılması üçün sərfəli və rahat vasitələrdən biridir. Bu sistemə qoşulmaqla «Bank of Baku» əhalinin məhz bu tələbatlarının ödənilməsini özünə məqsəd bilib», - deyə Bankın məlumatında bildirilir.
Hazırda «Bank of Baku» həmçinin «Contact», «Migom», «Caspian Money Transfer», «Western Union» və «Zolotaya Korona» kimi aparıcı təcili pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.
Qeyd edək ki, 2010-cu ilin aprel ayından etibarən isə “Bank of Baku” bankın təcili pulköçürmə xidmətlərindən yararlanmış müştərilərə xüsusi bonus kartları verir. Kart təcili pulköçürmə sistemləri vasitəsilə əməliyyat aparan bütün müştərilərə pulsuz təqdim olunur. Kartların sahibləri köçürülən və alınan vəsaitin 0,2%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 manatdan artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.