Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin müştərisi olan «Visa» plastik kartlarının sahibləri ABŞ-ın istənilən brend məhsullarını sərfəli qiymətlə əldə edə biləcəklər.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bundan sonra sözügedən kart sahibləri kartları vasitəsilə ödəniş etməklə ABŞ mağazalarında malları aşağı qiymətlə ala biləcək. Bu, «Visa» şirkəti ilə ABŞ-ın MyUS.com portalı arasında əməkdaşlıq haqqında imzalanmış razılaşma sayəsində mümkün olub.
«Şirkətlərarası əməkdaşlıq «Visa» kartı olan müştərilərimizə ABŞ-ın internet mağazalarında aldıqları əşyaları Azərbaycana gətirmək şərti ilə alış-veriş etmək, həmçinin digər üstünlüklərdən yararlanmaq imkanı yaradır. Layihə çərçivəsində «Bank Standard»ın «Visa» kart sahibləri xüsusi imtiyazlardan istifadə edə bilərlər. Onlar iki il ərzində üzvlük haqqından azad olunacaq, sifarişlərin ünvanlarına çatdırılması qiymətində ilk ayda 25%, gələn aylarda 20% endirim, həmçinin 100 dollar məbləğində pulsuz sığorta əldə edəcəklər», - deyə bankdan bildirilib.
Bundan başqa, «Visa» kart sahibləri saytda alqı-satqı üzrə fərdi «online» məsləhətçinin xidmətindən istifadə edə, həmçinin, endirimlər sistemindən də yararlana biləcək.
«Bank Standard»ın «Visa» kart sahibləri sifariş vermək və əldə olunan malların çatdırılmasını izləmək üçün artıq bu gündən www.MyUS.com/visa saytında qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, malların çatdırılması üzrə ən iri nüfuzlu şirkət olan MyUS.com portalı digər dünya ölkələrindən olan alıcılara malı almaq üçün ABŞ-da xüsusi ünvan təqdim edir və Birləşmiş Ştatların mağazalarında mal almağa yardımçı olur.