Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Express Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 256,211 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 37,6% artaraq 166,497 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 42,385 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 67,6% çoxdur.
Bankın depozit portfeli son bir ildə 14,4% artaraq 125,775 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 36,520 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 35,2% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 24,6% artaraq 124,344 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,4% artaraq 101,707 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 15,1% artaraq 55 806, o cümlədən fiziki şəxslərin sayı 14,7% artaraq 55 320, hüquqi şəxslərin sayı 53,1% artaraq 487 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 27 811-ə bərabər olub ki, bu da illik müqayisədə 0,7% azdır. O cümlədən, debet kartların sayı 2,6% azalaraq 26 551-ə, kredit kartların sayı 63,4% artaraq 1 260-a çatıb.
Hazırda bankın ölkə üzrə 15 filialı, 66 bankomatı, 263 POS-terminalı fəaliyyət göstərir. Bankın 378 işçisi var.