Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Finance Leasing» ASC-nin faizli sənədsiz adlı istiqrazlarının yerləşdirilməsinə başlanılır.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 800 ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir. İstiqrazların tədavül müddəti 2 il, gəlirliyi 14%, faizlərin ödəniş dövrü 3 ay təşkil edir. Sözügedən qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Paşa Kapital» şirkəti çıxış edir.
Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir.