Bakı. Vahab Rzayev – APA-Economics. «Joint Leasing» lizinq şirkəti yaxın vaxtlar korporativ istiqraz emissiyası həyata keçirməyə hazırlaşır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin İdarə Heyətinin sədri Elçin Əhmədov məlumat verib.
Tədavül müddəti 5 il, illik gəlirliyi 10%, ümumi həcmi isə 10 mln. manat olan bu istiqraz emissiyasının daxili bazarda yerləşdirilməsi planlaşdırılır. E.Əhmədovun sözlərinə görə, şirkət tərəfindən aparılmış araşdırmalar və təhlil bu istiqrazlara daxili bazarda böyük tələbatın olduğunu göstərib.
Bundan əlavə qeyd olunub ki, şirkət bu yaxınlarda nizamnamə kapitalını 700 min manatdan 1,260 mln. manatadək artırıb. E.Əhmədov bildirib ki, kapitallaşmanın artırılması prosesi gələcəkdə də davam etdiriləcək. Həmçinin, şirkət hazırda fəaliyyət göstərdiyi lizinq sahələrini də genişləndirmək niyyətindədir.
E.Əhmədovun sözlərinə görə, hazırda şirkət Azərbaycan lizinq bazarında 30% paya malikdir. Ümumilikdə, şirkətin lizinq portfeli hazırda 32 mln. manat təşkil edir və bu göstəricinin ilin sonuna kimi təxminən 35 mln. manata çatdırılması planlaşdırılır. Bununla yanaşı bildirilib ki, şirkətin kredit portfelində illik müqayisədə 60%-dən çox artım müşahidə olunur.