Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 301,886 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,4% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,6% artaraq 206,665 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 47,291 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə olan göstəriciyə nisbətən 43,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 27,5% artaraq 7,280 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,4 faiz bəndi artaraq 3,5% olub.
Bankın depozit portfeli son bir ildə 18,8% artaraq 109,788 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 89,073 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 18,8% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 38,5% artaraq 47,450 mln. manat, o cümlədən nizamnamə kapitalı 35,3% artaraq 38,306 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 14,7% artaraq 71 193, o cümlədən fiziki şəxslərin sayı 14,4% artaraq 65 932, hüquqi şəxslərin sayı 17,8% artaraq 5 261 olub. Bankın dövriyyədə olan plastik kartlarının ümumi sayı 2013-cü il aprelin 1-nə 10 315-ə bərabər olub ki, bu da illik müqayisədə 17,1% çoxdur. O cümlədən, debet kartların sayı son bir ildə 19,4% artaraq 9 457-yə, kredit kartların sayı 3,9% azalaraq 858-ə çatıb.
Xatırladaq ki, «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 30 filialı, 51 bankomatı və 659 POS-terminalı fəaliyyət göstərir. Bankın 646 işçisi var.