Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 17,8 min manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 178 mln. manat təşkil edir.
Emissiya «Paşa Bank»ın hər birinin nominal dəyəri 15,7 min manat olan 10 min ədəd (ümumi həcmi 157 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 13,4% artaraq 178 mln. manata çatacaq.
Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivləri 711,352 mln. manat, depozit portfeli 432,264 mln. manat, kredit portfeli 288,381 mln. manat, məcmu kapitalı 163,495 mln. manat, o cümlədən nizamnamə kapitalı 157 mln. manat təşkil edib.