Bakı. Nail Hüseynli – APA-Economics. «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, şirkət tərəfindən vəfat etmiş şəxsin ailəsinə 11 579 manat həcmində birdəfəlik ödəniş verilib.
Qeyd edək ki, 2013-cü ilin əvvəlindən başlayaraq «PAŞA Həyat» tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında sözügedən sığorta növü üzrə 650 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.