Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC 2013-cü ilin I rübü ərzində 8,352 mln. manat həcmində sığorta haqları yığıb. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin bu ilin I rübündə topladığı yığımlar illik müqayisədə 7 dəfə artıb.
Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Portfel əsasən həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqlarından formalaşıb.
Bundan başqa, bu ilin I rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 148 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 142 min manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 6 min manat isə könüllü həyat sığortası növlərinin payına düşüb. Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.
Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Bu ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.