Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC ilin sonunadək xidmət şəbəkəsini genişləndirmək niyyətindədir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank bu il həm paytaxtda, həm də bölgələrdə yeni filiallar açmağı planlaşdırır.
Hazırda «Unibank» 31 filialla müştərilərinin xidmətindədir. Filiallardan 20-si Abşeron, 11-i bölgələrdə yerləşir. «Unibank»ın bütün bölgə filialları universal bank xidmətləri göstərir. Bölgə əhalisi rayonlardakı «Unibank» filiallarından həm nağd kreditlər, həm də biznes kreditləri götürə bilər.
Paytaxt filialları isə müştəriləri daha rahat və çevik xidmətlə təmin etmək üçün riteyl, korporativ və qarışıq filiallara bölünüb. Bakıdakı «Unibank» filiallarının əksəriyyəti müştərilərə 7 500 manatadək nağd kreditlər verir. Bizneslə məşğul olanlar isə vaxtlarına qənaət etmək üçün 8 saylı, «Neftçilər», «Əhmədli», «Bayıl», «Xalqlar», «Xırdalan» filiallarından mikrokreditlər götürə bilər.
Daha yüksək məbləğdə kredit istəyən korporativ müştərilər isə xüsusi ixtisaslaşmış «Dərnəgül», «Baksovet», «STB», «Neftçilər» filiallarından, eləcə də «Mərkəz» filialından rahatlıqla kredit ala bilərlər. «Unibank»ın paytaxtda 17 saylı («Sahil»), «Neftçilər», «Xalqlar» və «Yasamal», eləcə də «Sumqayıt» və «Gəncə» filiallarından ipoteka kreditləri götürmək mümkündür.