Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 419,613 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,73% çoxdur.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 37,71% artaraq 167,284 mln. manat olub.
2014-cü ildə istehlak kreditlərinin həcmi 26,595 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 41,26% azalma deməkdir.
Bankın ipoteka kreditlərinin həcmi 795,23 min manat olub ki, bu da illik müqayisədə 69,82% çoxdur.
Bankın depozit portfeli hesabat dövrü ərzində 1,99% azalaraq 232,579 mln. manat olduğu halda, əhalinin əmanətlərinin həcmi 43,09% artaraq 109,222 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 9,78 % artaraq 67 mln. 373,09 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.
Ötən il bankın gəlirləri 1,81 dəfə artaraq 39,202 mln. manat, xərcləri isə 1,97 dəfə artaraq 33,367 mln. manat olub.
Ümumilikdə isə il ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 835,65 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 9 filialı, 51 bankomatı, 533 POS-terminalı fəaliyyət göstərir.