Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin oktyabr ayı üzrə 98,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 9,6 faiz bəndi azalıb.
Göründüyü kimi, indeks 100%-dən aşağı səviyyəyə düşüb ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.
Qeyd edək ki, xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Belə ki, oktyabrda əhaliyə 593,3 mln. manat həcmində pullu xidmətlər göstərilib, sentyabrda isə bu həcm 601,3 mln. manata enib. Müqayisə üçün bildirək ki, avqust ayında bu göstərici 555,1 mln. manata bərabər olub.
Ümumilikdə, yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,050 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 6,9% çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin ÜDM-də xüsusi çəkisi 10,6%-dir.