"Bank VTB (Azərbaycan)" ASC 2018-ci ildən etibarən mənfəətlə işləmək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bunu "Bank VTB"-nin İdarə Heyətinin sədr müavini Mixail Osiyevski bildirib.
Hazırda bankın menecmentinin qarşısında duran vəzifələr barədə məlumat verən bankir bildirib ki, rəhbərlik bankın problemlərinin lokallaşdırılması üçün səfərbər olunub: "Əsas problemlər manatın devalvasiyasından sonra yarandı. Qarşımızda duran vəzifələrdən biri də problemli kreditlərin qaytarılmasıdır. 2018-ci ildən etibarən törəməmiz mənfəətlə işləyəcək".
"Sözsüz ki, son 2 il ərzində enerji daşıyıcıları bazarında baş verən dramatik hadisələr ticarət dövriyyəsinin həm həcminə, həm də strukturuna ciddi təsir edib. SSRİ dövründə yaranan bu model uzun müddət aktual olacaq. Ona görə, bizim Qrup dayaq nöqtəsi olmağı özünə borc bilib", - deyə M. Osiyevskiy qeyd edib.
Onun sözlərinə görə, cari ilin yay aylarında VTB Qrupu "Bank VTB (Azərbaycan)" ASC-yə 110 mln. manat həcmində əlavə kapital yatırıb: "Bununla da bizim törəməmiz bütün müvafiq tələblərə, o cümlədən prudensial normalara cavab verir".
Bankir qeyd edib ki, hazırda "Bank VTB (Azərbaycan)" yeni müştərilərin, ilk növbədə hüquqi şəxslərin cəlb olunması istiqamətində işlər görür.