Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlər üzrə komisyon haqqın məhdudlaşdırılması barədə tövsiyəsi gözlənilən idi. Belə ki, Mərkəzi bankın sədri dəfələrlə kreditlər üzrə faiz dərəcələrinin yüksək olduğu barədə bəyanat verib.
Bunu "APA-Economics"in sorğusuna cavab olaraq "Bank VTB (Azərbaycan)"dan bildiriblər.
"Bank VTB (Azərbaycan)" olaraq deyə bilərik ki, bizim təkliflər bazarda əvvəldən ən ucuz və sərfəli olub. Məhz buna görə, Mərkəzi Bankın qərarı bizim banka ciddi təsir etməyəcək. “Bank VTB (Azərbaycan)” Mərkəzi Bankın təşəbbüsünü dəstəkləyir. İndiki vəziyyətdə banklar ilk növbədə öz müştəriləri barədə düşünməlidir. Eyni zamanda analitiklərin hesablamalarına görə, bəzi banklar öz komisyon gəlirlərinin 20% itirə bilər. Qərar "Bank VTB (Azərbaycan)"ın kreditlər üzrə faiz dərəcələrinə heç bir təsir etməyəcək”, - deyə bankın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.
Xatırladaq ki, AMB-nin baş direktoru Rəşad Orucovun adından ölkəmizdə fəaliyyət göstərən bütün banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) məktub ünvanlanıb.
Məktubda qeyd edilir ki, bir sıra banklarda istehlak kreditləri üzrə yüksək komisyon haqlar tətbiq olunur və banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) bank sektoru orta faktiki illik faiz dərəcəsini əhəmiyyətli dərəcədə üstələyir.
AMB, qeyd olunanları nəzərə alaraq, banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komisyon haqların nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır.