Bakı. Musa Əhmədov - APA-Economics. "Birinci rübün yekunları "Bank VTB (Azərbaycan) üçün o qədər də qənaətbəxş deyil".
“APA-Economics” xəbər verir ki, bunu "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.
Onun sözlərinə görə, bank problemli kreditləri olan müştəriləri ilə sıx əməkdaşlığı davam etdirir: "Təbii ki, bütün banklar problemlə üzləşib. Digər banklar kimi, biz də restrukturizasiya proqramı hazırlamışıq. Bizim istəyimiz odur ki, müştərilərimiz qrafik üzrə ödənişləri vaxtında etsinlər, qeyd etdiyim proqramda müştərilər üçün olduqca böyük imtiyazlar nəzərdə tutulub. Əsas problemimiz odur ki, kredit portfelimizin kifayət qədər böyük bir hissəsi dollarda olub, bu da öz neqativ təsirini göstərib. Korporativ portfeldə problemli kreditlərin payı azdır. Ümid edirəm ki, bir neçə aydan sonra portfelimiz qənaətbəxş olacaq. Məncə, ilin sonuna qədər bütövlükdə bank sektorunun üzləşdiyi bütün problemin öhdəsindən gələcəyik".
Bankir qeyd edib ki, kreditləşmə prosesi davam edir: "Kreditləşmə üçün zəruri resurslarımız var. Bəzi banklardan fərqli olaraq bizdə likvidlik problemi yoxdur. Üstəlik, bank sektorda kifayət qədər avtoritetə malikdir. Bizim arxamızda Rusiyanın ən iri dövlət banklarından biri dayanıb. VTB bizə hər zaman zəruri dəstəyi verməyə hazırdır. Əmanətçilərimiz də bilsin ki, biz onlar qarşısındakı öhdəliklərimizi hər zaman yerinə yetirməyə hazırıq. Düzdür, analoji fikirləri müştərilərin bank qarşısındakı öhdəlikləri ilə bağlı demək olmaz. Lakin bu, bizdən asılı deyil, buna görə, işləmək lazımdır".