Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Caspian Development Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv olub.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bankın üzlüyü barəsində bildiriş cari ilin fevralın 4-dən etibarən qurumun reyestrinə daxil edilib.
Bununla da fonda üzv olan bankların sayı 44-ə çatıb.
Xatırladaq ki, 2015-ci ilin yanvar 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən "Kövsər Bank" ASC-nin adının dəyişməsi ilə əlaqədar "Caspian Development Bank" ASC-yə lisenziya verilib.
"Kövsər Bank" 1988-ci ildə yaradılıb və Azərbaycanda İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən ilk bankdır.
Mərkəzi Bank 2010-cu ilin dekabrında “Kövsər Bank” ASC-nin bank əməliyyatlarının keçirilməsi üçün lisenziyasını ləğv edib. Səbəb bankın kapitala dair minimal tələblərə riayət etməməsi, prudensial hesabatın təqdim edilməsi ilə bağlı bank qanunvericiliyini pozması olub. Lakin bankın rəhbərliyi AMB-nin bu qərarı ilə razılaşmayıb və məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
3 il davam edən təhqiqatdan sonra məhkəmənin qərarı ilə 2014-cü ilin aprel ayında AMB bankın lisenziyasını bərpa edib.