Bank Of Baku

"Gömrükçü həyatı" adlı fotosərgi keçiriləcək

"Gömrükçü həyatı" adlı fotosərgi keçiriləcək
# 21 dekabr 2016 14:17 (UTC +04:00)

Dekabrın 27-də Bakı şəhərində, Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi keçiriləcək.

 

DGK-nin Mətbuat Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sərginin açılış mərasimi saat 16:00-da olacaq.


Komitənin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan fotosərgidə 120 şəkil sərgilənəcək.

 

Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə bağlı məqamları köçürüb.

Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

Fotolarda gömrük xidmətinin inkişaf etmiş infrastruktura malik olmaqla - quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edilir.

 

Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.

BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.

 

2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan A. Mehdiyev həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B. Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb. 

 

18 ildən artıq gömrük orqanlarında xidmət edən A. Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan A. Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.

 

Sərgi dekabrın 30-dək davam edəcək.

 

Ünvan: Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər prospekti, 49

 

Əlaqə: (+99412) 4935883

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR