Bank Of Baku

ADB "CAREC 2030" strategiyasının dəstəklənməsinə 5 mlrd. dollar ayırır

ADB "CAREC 2030" strategiyasının dəstəklənməsinə 5 mlrd. dollar ayırır
# 27 oktyabr 2017 14:19 (UTC +04:00)

Bu gün Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) prezidenti Takehiko Nakaonun Tacikistana 3 günlük səfəri başa çatıb.

 

ADB-nin Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, o, həmin səfər çərçivəsində Asiya regionunun nazirlər səviyyəsində İqtisadi Əməkdaşlıq üzrə 16-cı Konfransında (Central Asia Regional Economic Cooperation, CAREC) iştirak edib. 11 üzv ölkəni təmsil edən CAREC nazirləri proqramın üçüncü onilliyində fəaliyyətini tənzimləyəcək yeni uzun müddətli strategiya olan "CAREC 2030" sənədini yekdilliklə təsdiq ediblər.
 

Strategiya insan, siyasət və layihələrin əlaqələndirilməsi missiyası əsasında qurulur və  regionda iqtisadi və maliyyə sabitliyin, turizm, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahəsində regional təşəbbüslərin dəstəklənməsi daxil olmaqla, CAREC mandatının genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, CAREC nəqliyyat, enerji, ticarət və iqtisadi dəhlizlərin inkişafı kimi mövcud prioritet sahələrə səylərini yönəltməyə və bu sahələrdə müqayisəli üstünlükləri təmin etməyə davam edəcək.

"CAREC 2030" strategiyasının qəbul edilməsi region ölkələrinə milli inkişaf prioritetlərinə uyğunluğu təmin etməklə, "Paris sazişi" çərçivəsində davamlı inkişaf hədəflərini və iqlimin dəyişməsi üzrə hədəfləri əldə etməyə kömək edəcək.

T. Nakao çıxışında ADB-nin növbəti 5 il ərzində "CAREC 2030" strategiyasının dəstəklənməsi üçün 5 mlrd. dollar məbləğində vəsaitin ayıracağını bəyan edib. Bu, Çin istisna olmaqla, ADB-nin CAREC ölkələrində layihələrə ayırdığı ümumi maliyyə vəsaitinin təxminən 1/4-ni təşkil edir. ADB Pakistanda CAREC çərçivəsində yol dəhlizinin inkişafı üçün 800 mln. dollar məbləğində yeni çoxtranşlı maliyyə fondunu təsdiq edib. Gələn il ADB Türkmənistan-Əfqanıstan-Pakıstan ötürücü xətlər layihəsinin 150 mln. dollar dəyərində birinci fazasına vəsait ayıracaq. ADB "CAREC 2030" strategiyasında əhatə olunan aqrobiznes, turizm və dəmir yolları sahələrində regional layihələr ilə bağlı müzakirələrə artıq başlayıb.

ADB CAREC proqramı üçün katiblik funksiyasını yerinə yetirir. Məcmu olaraq, CAREC proqramının 2001-ci ildə yaradılmasından sonra həmin proqram çərçivəsində 40 mlrd. dollar məbləğindən artıq investisiya vəsaiti cəlb edilib. Bu məbləğin 1/3-dən artıq hissəsi və ya 10,5 mlrd. dollar ADB tərəfindən, qalan hissə isə üzv hökumətlər və digər inkişaf tərəfdaşları tərəfindən təmin edilib.

Bu günədək CAREC maliyyəsi, regionun daxilində və xaricində əlaqələri və ticarəti gücləndirərək,  6 nəqliyyat dəhlizi üzərində 8592 km uzunluğunda yolların və uzunluğu 5103 kilometrdən artıq olan dəmir yollarının tikintisi və təmiri üçün istifadə edilib. Enerji ehtiyatları artıq olan Mərkəzi Asiya ölkələri və, Əfqanıstan və Pakistan daxil olmaqla, Cənubi Asiyada enerji çatışmazlığını yaşayan ölkələr arasında enerji ticarətinin artırılmasını dəstəkləyərək, uzunluğu 9041 kilometrdən artıq olan enerji ötürücü xətləri çəkilib.

 

Layihələr vasitəsilə investisiyalar ilə yanaşı, CAREC tərəfindən üzv ölkələrdə ticarətin dəstəklənməsi, potensial quruculuğu, biliklərin yaradılması və bilik mübadiləsi sahələrinə töhfə verilmişdir. Bilik səyləri sahəsində lider olan CAREC İnstitutu hal-hazırda hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir.

 

“Düşənbə Bəyanatı” adlanan birgə bəyanatında CAREC Nazirləri inkişaf məqsədlərinin əldə edilməsi üçün regional əməkdaşlığın artan önəmliyini vurğulayıblar. Nazirlər regional layihələr çərçivəsində özəl sektor, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları və digər tərəf müqabilləri ilə fəaliyyətə və, Kəmər və Yol Təşəbbüsü daxil olmaqla, digər regional proqramlar ilə əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu vurğulayıblar.
 

Qərargahı Manila şəhərində yerləşən ADB fəaliyyətini, daxiledici iqtisadi artım, ətraf mühit kontekstində dayanaqlı artım və regional inteqrasiya vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına yönləndirib. 1966-cı ildə yaradılmış ADB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. ADB-yə 67 üzv sahiblik edir və burada 48 üzv regionu təmsil edir. 2016-cı ildə ADB tərəfindən təmin edilmiş yardımın ümumi məbləği 31,7 mlrd. dollar təşkil edib və bu məbləğə birgə maliyyələşdirmə çərçivəsində ayrılmış 14 mlrd. dollar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR