Bu gün Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" Tvininq layihəsinin rəsmi təqdimat mərasimi olub.
"APA-Economics" xəbər verir ki, dəyəri 1,4 mln. avro təşkil edən layihəyə oktyabrın 1-də start verilib. Layihə təxminən 2019-cu ilin dekabrınadək davam edəcək.
Polşanın Ali Audit İdarəsi tərəfindən həyata keçiriləcək layihənin məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə, Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, bu layihə qurumun gələcək inkişafı və perspektivləri baxımından önəmlidir: "Biz çox şadıq ki, bu layihədə bizim tərəfdaşımız məhz Polşa Milli Audit Ofisidir. Çünki Polşa ali audit qurumu ilə üzv olduğumuz beynəlxalq və regional təşkilatlar çərçivəsində bundan öncədə də məhsuldar əməkdaşlıq təcrübəsi mövcud olmuşdur. İnanırıq ki, 27 ay davam edəcək bu layihədə, artıq biz öz münasibətlərimizi daha yeni müstəvidə qura biləcəyik və bu bizim əlaqələrimizi daha da gücləndirərək peşəkar dostluq səviyyəsinə qaldıracaq. Hesablama Palatası gənc ali audit qurumu olaraq həmişə və daima beynəlxalq əməkdaşlıqlara və layihələrə açıq olmuşdur. Çünki biz bunun qurumumuzun fəaliyyətinə verə biləcəyi önəmi anlayır və bu istiqamətdə xarici həmkarlarımızın qabaqcıl təcrübəsindən istifadə edərək irəliləməyə çalışırıq. Bir çoxlarınız bilirsiniz ki, Hesablama Palatasının mövcud potensialının inkişaf etdirilməsi və gücləndirilməsi üzrə Dünya Bankı və SECO-nun rəhbərliyi ilə digər bir layihə keçirilib, bu gün isə Aİ-nın maliyyə dəstəyi ilə yeni bir layihənin başlanğıcına hamılıqla şahid oluruq. Bu bizim Aİ ilə olan ilk iş birliyimizdir və ümidvarıq ki, əməkdaşlığımız davamlı olacaqdır və digər inkişaf alətlərindən də istifadə etmək imkanlarımız da genişlənəcəkdir. Bu səbəbdən belə bir mühüm tədbirin açılışında bizimlə olduğunuz üçün sizə bir daha öz təşəkkürümüzü bildirir və sizin hamınızı layihənin açılışı ilə təbrik edirəm".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Tvininq layihələrinin həyata keçirilməsi baxımından Azərbaycan "Şərq Tərəfdaşlığı"na üzv olan ölkələr arasında liderdir. Onun sözlərinə görə, Azərbaycanda 46 Tvininq layihəsi həyata keçirilib, 13-ü hal-hazırda icra olunur, 8 layihənin icrasına isə hazırlıq gedir: "Tvininq layihəsi unikal bir alətdir. Əminəm ki, Polşa ilə Azərbaycan arasında audit sahəsində həyata keçirilən Tvininq layihəsi ilə yüksək keyfiyyətli iş qurulacaq və konkret nəticələr əldə olunacaq".
Diplomatın sözlərinə görə, 2008-ci ildə bu günə qədər audit sahəsində Azərbaycanda həm mütləq, həm də nisbi baxımdan böyük irəliləyiş əldə olunub.
Polşanın Azərbaycandakı səfiri Marek Calkada isə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla əməkdaşlığı daha da dərinləşdirmək və gücləndirmək istədiklərini qeyd edib: "Bu layihənin çox böyük əhəmiyyəti var. Hər bir ölkənin iqtisadi, inzibati, siyasi və sosial sahədə inkişafı üçün bir həlledici alət var, o da səmərəli dövlət administrasiyadır. Hesab edirəm ki, bu Tvininq layihəsinin icrası olduqca vacibdir və 27 aydan sonra məhsuldar nəticələr əldə olunacaq. bu da Azərbaycanın daha da müasir və inkişaf etmiş ölkəyə çevrilməsinə kömək edəcək".