Bank Of Baku

AİB: Bakıda keçiriləcək illik toplantıda inkişaf üzrə əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək

AİB: Bakıda keçiriləcək illik toplantıda inkişaf üzrə əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək
# 02 aprel 2015 08:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2-5 may tarixlərində Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3000-ə yaxın hökumət rəsmiləri, iş adamları, investorlar, jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, illik toplantının mövzusu "İnkişaf uğrunda əməkdaşlığın gücləndirilməsi" başlığı altındadır və bu mövzu ehtiyatlardan istifadənin və AİB, onun üzvləri və digər çoxtərəfli və ikitərəfli tərəfdaşlar ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayır.

 

Cənubi Qafqazda ilk dəfə keçiriləcək bu görüşdə region və Mərkəzi Asiya üzrə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi panel müzakirələrinin birində diqqət mərkəzində olacaq.

 

Bakıda keçirilən ilk Rəhbərlər Seminarında Asiya və Sakit okean regionunun inkişaf potensialı müzakirə ediləcək. İqtisadi inkişafın qorunub saxlanılması və gələcəkdə yoxsulluq səviyyəsinin azaldılmasına yardım məqsədilə öz iqtisadi inkişaf modellərini dəyişkən daxili və xarici mühitə uyğunlaşdırmağa çalışan ölkələr tərəfindən yürüdülən siyasətə də nəzər salınacaq.

 

Digər panellərdə dövlət-özəl tərəfdaşlığı üçün düzgün mühitin təmin edilməsi; inkişaf səmərəliliyi; inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək; hərtərəfli səhiyyə xidmətləri ilə əhatə; gender bərabərliyi və innovasiya məsələləri üzrə müzakirələr aparılacaq.

 

Onlayn qeydiyyat üçün son tarix 20 aprel 2015-ci ildir. Dəvət olunan mətbuat nümayəndələrinə öz iştiraklarını təsdiqləmək üçün onlayn qeydiyyatdan keçmək haqqında bildiriş göndərilib.

 

Qeydiyyatdan keçmiş jurnalistlərdən İllik Toplantıya gətiriləcək media avadanlığının tam siyahısını təqdim etmələri tələb olunur. Siyahını 10 aprel 2015-ci il tarixinədək Elçin Rufullayevin (AİB İllik Toplantı üzrə İşçi Qrupu, Maliyyə Nazirliyi, Azərbaycan) [email protected] elektron poçt ünvanı vasitəsilə Azərbaycan Təşkilat Komitəsinə göndərilməlidir.

 

Manilada yerləşən AİB iqtisadi inkişaf, ətraf mühitin davamlı inkişafı və regional inteqrasiya da daxil olmaqla Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına çalışır. 1966-cı ildə təsis olunan qurum region üzrə 48 olmaqla 67 üzvdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR