Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı (AİB) 2013-2017-ci illəri əhatə edəcək Azərbaycan üzrə hazırladığı inkişaf strategiyasını təsdiqləyə bilər. «APA-Economics»in məlumatına görə, bu barədə AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.
Onun sözlərinə görə, hazırda AİB Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparır və artıq oktyabr ayında sözügedən strategiya təsdiq oluna bilər.
AİB və Azərbaycan arasında əməkdaşlığın yeni sahələrinə gəldikdə, O.Noroyono bildirib ki, bunlar arasında bərk məişət tullantılarının idarə edilməsi, bərpa olunan enerji, dəmir yolu və yükdaşımalar kimi sahələr ola bilər. Bank rəsmisi əlavə edib ki, sözügedən sahələr hazırlanan yeni strategiyaya daxil edilə bilər.
O.Noroyono həmçinin bildirib ki, 2013-cü ilin sonunadək AİB ilə Azərbaycan arasında 250 mln. dollarlıq kredit sazişi imzalanacaq: «Bu, avtomobil yolu layihəsi çərçivəsində ikinci multi-tranşın ilk hissəsi olacaq».
Bundan başqa, O.Noroyono qeyd edib ki, bu həftə ərzində AİB-in nəqliyyat missiyası Azərbaycana səfər edəcək. Səfər zamanı missiya ölkə hökuməti ilə dəmir yolu sahəsində potensial kredit layihələrini müzakirə edəcək.