Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə aktiv kredit portfeli hazırda 990 mln. ABŞ dolları təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.
O.Noroyono qeyd edib ki, Azərbaycan AİB üçün vacib və əhəmiyyətli ölkədir: «Hazırda bizim Azərbaycanda 7 layihə üzrə aktiv ümumi portfelimiz 990 mln. dollar təşkil edir. Potfelin 46%-i nəqliyyat, 38%-i su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması, 16%-i isə enerji sektorlarını əhatə edir».
Nümayəndəliyin rəhbəri bildirib ki, 2012-ci ildə AİB Azərbaycana 1,125 mln. dollar məbləğində texniki yardım göstərib. Bunun 225 min dolları yol layihəsi çərçivəsində, 900 min dolları isə Bakı şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün ayrılıb.
«Bununla yanaşı, biz Azərbaycanda dövlət qulluqçularının biliklərinin artırılmasını da maliyyələşdirmişik. Belə ki, müxtəlif kredit layihələri çərçivəsində 64 nəfər hökumət işçilərinin təcrübə və biliklərini artırmaq üçün onların müxtəlif seminar, treninq və konfranslarda iştirakını təmin etmişik», - deyə O.Noroyono bildirib.
AİB-in Azərbaycan üzrə Biznes Planına toxunan O.Noroyono həmçinin bildirib ki, sözügedən Biznes Plan çərçivəsində Azərbaycana 2012-ci ildə 250 mln. dollar, 2013-cü ildə 155 mln. dollar, 2014-cü ildə isə 170 mln. dollar vəsaitin ayrılması nəzərdə tutulub. Həmçinin, 3 il ərzində bank Azərbaycana 3,250 mln. dollar məbləğində texniki yardım göstərəcək: «Zərurət yaranarsa, bu rəqəmlər dəyişə bilər».