Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) 2014-cü ildə Azərbaycandakı layihələrə 238 mln. avro dəyərində kapital ayırıb.
“APA-Economics”in bankın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəl də xəbər verildiyi kimi, 2013-cü ildə AYİB Azərbaycanda 17 layihənin kreditləşməsinə 162 mln. avro ayırıb. Bununla da, illik müqayisədə AYİB 2014-cü ildə Azərbaycanda layihələrin maliyyələşdirilməsi həcmini 46,9% artırıb.
Ümumilikdə isə, 1992-2014-cü illər ərzində bank Azərbaycanda 155 layihənin maliyyələşdirilməsinə 2,1 mlrd. avro dəyərində pul ayırıb.
Bankın göstəricilərinə əsasən, 2015-ci ilin əvvəlinə AYİB Azərbaycanda infrastruktur layihələrinə 42%, energetika sahəsinə 33%, sənaye və kənd təsərrüfatına 10% kredit vəsaiti yönəldib. Kredit ehtiyatlarının 15% isə respublikada maliyyə institutlarına ayrılıb.