Bakı. Vahab Rzayev – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) adi sənədli adlı səhmlərinin buraxılışı qeydiyyata alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.
Kütləvi təklif üsulu ilə yerləşdiriləcək səhmlərinin hər birinin nominal dəyəri 0,26 manat, emissiyanın ümumi həcmi 200 mln. manat təşkil edir.
Beləliklə, ABB nizamnamə kapitalını 54,3% artıraraq 568,33 mln. manata çatdıracaq.
Qeyd edək ki, oktyabrda keçirilən Səhmdarların Ümumi Yığıncağında bankın yaxın 4 il ərzində nizamnamə kapitalının 500 mln. manat artırılması barədə qərar qəbul edilib. İlkin olaraq bankın nizamnamə kapitalının 200 mln. manat məbləğində artırılması qərara alınıb və artıq bu istiqamətində addım atılıb. Növbəti illərdə isə bankın kapitalı hər il 100 mln. manat artırılacaq.