Fonddan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən alınan qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübəsi və saxlama xərcləri nəzərə alınaraq «JP Morgan» bankının London anbarı seçilib və növbəti mərhələdə strateji əhəmiyyətli ehtiyat xarakteri daşıyan qızıl ehtiyatlarının Azərbaycana gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin fevralın 1-dən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 unsiyası) həftəlik alışına başlanılıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılır.
Bu gün Neft Fondu tərəfindən alınan LQMBİA standartlarına uyğun təxminən 1 ton qızıl (32 150 unsiyası) Britaniyanın «Brinks Qlobal Services» şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti olaraq Azərbaycan Mərkəzi Bankında saxlanılacaq.
Fondun yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinənin inşa edilməsi nəzərdə tutulub. ARDNF-in yeni binası istifadəyə verildikdən sonra alınan qızılın həmin xəzinədə saxlanılması planlaşdırılır.
Qeyd edək ki, 2012-ci il dekabrın 1-nə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33,895 mlrd. dollar təşkil edib.