Bakı. Əli Əhmədov – APA-Economics. Bu il Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlər proqnozu artıqlaması ilə yerinə yetirilib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, ilin son iki gününü nəzərə alsaq, Fondun xəzinə hesablarına 1,434 mlrd. manat məcburi dövlət sosial sığorta haqqı daxil olacaq. Bu isə proqnozun 102% yerinə yetirilməsi deməkdir: «Yəni, 26,5 mln. manat əlavə vəsait daxil olub. Bizim ilkin proqnozlar göstərir ki, qeyri-büdcə sektoru üzrə bu il proqnozda nəzərdə tutulduğundan təqribən 110 mln. manatdan çox əlavə vəsait toplanıb. Belə ki, qeyri-büdcə sektorundan yığım proqnozu 770 mln. manat nəzərdə tutulsa da, faktiki daxilolma 880 mln. manat olacaq. Bununla da proqnoz 114%-dən çox yerinə yetiriləcək».
Ümumilikdə, 2012-ci ildə qeyri-büdcə sektorundan sosial sığorta haqlarının yığımı əvvəlki ilə nisbətən 160 mln. manat və ya təqribən 22,2% artıq olub.