Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-oktyabr ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 1 837,3 mln. avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 71,3% çoxdur.
Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd avronun məbləği son bir ildə 45,5% artaraq 259,1 mln. avroya çatıb.
Beləliklə, Azərbaycanda əhalinin nağd avronun alışı satışdan 7,1 dəfə çox olub. Bu nisbət və ümumilikdə, nağd avro ilə aparılan əməliyyatların həcminin artması bu valyutanın Azərbaycanda ölkə daxili hesablaşmalarda rolunun yüksəlməsi ilə yanaşı, xarici səfərlərlə bağlıdır.
Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə orta hesabla hər ay 113,5 mln. nağd avro alınıb və 19,9 mln. avro satılıb. Bu ilin 10 ayı ərzində isə həmin göstəricilər müvafiq olaraq 183,7 mln. avro və 25,9 mln. avroya çatıb.