Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-oktyabr ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 7 493,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 54,3% çoxdur.
Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 44,9% artaraq 2 291,2 mln. dollara çatıb.
Beləliklə, Azərbaycanda əhalinin nağd dolların alışı satışdan 3,3 dəfə çox olub. Bu tendensiya artıq illərlə müşahidə olunur və ölkədə nağd dolların pərakəndə hesablaşmalarda və yığım əməliyyatlarında yüksək rolundan xəbər verir. Bundan əlavə, xarici səfərlərə gedən şəxslər də nağd dollar alışına üstünlük verirlər ki, bütün bunlar nağd dollarla aparılan əməliyyatların həcmini artırır.
Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə hər ay orta hesabla 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Bu ilin ilk 10 ayında isə həmin göstəricilər müvafiq olaraq 749,4 mln. dollar və 229,1 mln. dollara çatıb.