Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 8 321,2 mln. dollar təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 49,7% çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 44,2% artaraq 2 413,0 mln. dollara bərabərdir.
Beləliklə, Azərbaycanda əhalinin nağd dolların alışı satışdan 3,5 dəfə çoxdur. Nağd dollar Azərbaycanda ənənəvi olaraq yüksək rol oynayır. Bura həm nağd hesablaşmaları, həm də yığımları aid etmək olar. Son illər ərzində manatın dollara qarşı məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, əhali arasında nağd dollara olan etibarlılıq hələ də yüksəkdir. Bundan əlavə, daxili bazarda bir sıra uzunmüddətli istifadə malları, o cümlədən avtomobil, zinət əşyaları, qismən daşınmaz əmlak kimi mallar dollarda nominallaşır və bu mallar üzrə alış-veriş dollarla da aparılır. Bundan başqa, xarici səfərlər amilini də nəzərə almaq lazımdır ki, bütün bunlar ölkədə nağd dollar üzrə həm tələbat, həm də təklifi təmin edir ki, nəticədə nağd dollarla əməliyyatların həcmi daim artır və yüksək səviyyədə qalır.
Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Ötən ilin 11 ayı üzrə isə həmin göstəricilər müvafiq olaraq 755,7 mln. dollar və 219,3 mln. dollar olub.