Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bəzi vergi növləri üzrə dərəcələr aşağı salınıb, bəzi sahələrdə güzəştlər və vergi tətilləri tətbiq olunub. «APA-Economics»in məlumatına görə, bu, parlamentdə qəbul olunan «Azərbaycan Respublikasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsində nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, fiziki şəxslərdən tutulan gəlir vergisinin maksimum dərəcəsi 30%-dən 25%-ə endirilib, minimal dərəcənin (14%) tətbiq edildiyi aylıq gəlirin məbləği isə 2 000 manatdan 2 500 manata qaldırılıb.
Eyni dəyişikliklər qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən illik gəlirlərin vergiyə cəlb edilməsində də tətbiq olunub.
Bundan başqa, aylıq gəliri 200 manatadək olan fiziki şəxslərin gəlirindən vergiyə cəlb olunmayan məbləğ əgər indiyədək minimum əmək haqqı qədər idisə, Məcəlləyə dəyişikliklər nəticəsində vergi tutulmayan məbləğ ölkə üzrə yaşayış minimumu həddinə qaldırılıb. Başqa sözlə, bu məbləğ 93 manatdan 116 manata çatdırılıb.