Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiyaya gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilmiş gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
T. Hüseynov şübhəli şəxs qismində tutulub, o Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Qurbanova Pərvanə Bayram qızının üzərində aparılmış şəxsi yoxlama zamanı onun daxili orqanından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülü 2 ədəd bükümdə, ümumi xalis çəkisi 172,756 qram olan narkotik vasitə heroin aşkar edilib.
Bundan sonra P. Qurbanova aşkar edilən narkotik vasitə heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilib və narkotik vasitəni qəbul edəcək Azərbaycan vətəndaşı Qarayev Rəşad Ağaverdi oğlu Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunun qarşısında saxlanılıb.
Aşkar edilmiş faktlarla bağlı komitənin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.