Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas vəsaitlərə 17 615,8 mln. manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, investisiyanın 75,4%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş investisiyanın həcmi 11,8% artıb.
Məhsul istehsalı obyektlərinin inşasına 11 255,2 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 6 360,6 mln. manat investisiya yönəldilib, ümumi sərmayənin 48,2%-i dövlət, 51,8%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas vəsaitlərə yönəldilmiş investisiyanın həcmi ümumi sərmayənin 72,3 %-ni təşkil edib. Bunun isə 63,4 %-i dövlət bölməsinin payına düşüb.
Əsas vəsaitlərə yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9 654 mln. manat, bank kreditləri 540,9 mln. manat, büdcə vəsaitləri 6 452,2 mln. manat, büdcədənkənar fondların vəsaitləri 324,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 566,9 mln. manat, digər vəsaitlər 77,2 mln. manat təşkil edib.
2014-cü ildə əsas vəsaitlərə yönəldilmiş ümumi investisiyanın 41,4%-i sənaye sahələrinin inkişafına, 20,8%-i tikintiyə, 7,4%-i istirahət, əyləncə və incəsənətə, hər birində 7,0% olmaqla nəqliyyat və anbar təsərrüfatına, dövlət idarəetməsinə, 4,9%-i ticarətə, 2,8%-i təhsilə, 2,3%--i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 2,1%-i səhiyyəyə, 1,7%-i kənd təsərrüfatına, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,8%-i informasiya və rabitəyə, 0,3%-i digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2%-i peşə, elmi və texniki fəaliyyətə, hər birində 0,1% olmaqla maliyyə və sığorta fəaliyyətinə, daşınmaz əmlakla əlaqədar əməliyyatlara edilib.
2014-cü ildə neft bölməsinə 5 964,2 mln. manat həcmində investisiya yönəldilib.
Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş investisiyanın həcmi 11 651,6 mln. manat təşkil etmiş, o cümlədən 1 325,7 mln. manat qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın 63,8%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.
2014-cü ildə xarici mənbələrdən əsas vəsaitlərə 4 880,4 mln. manat investisiya yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas vəsaitlərə yönəldilmiş investisiyanın 4 484,2 mln. manatı (91,9%) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.