Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ölkədə sərvət effektinin qiymətləndirilməsini aparıb

Azərbaycan Mərkəzi Bankı ölkədə sərvət effektinin qiymətləndirilməsini aparıb
# 14 noyabr 2013 12:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan təhlil və araşdırmalar göstərir ki, ölkədəki ev təsərrüfatının maliyyə sərvətinin səviyyəsinin dəyişməsi istehlaka əhəmiyyətli təsirə malikdir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən hazırlanmış «Tədqiqat bülleten»ində deyilir.

 

Təhlilin nəticələrində göstərilir ki, əmanətlərin 10% artması istehlakı 1,8% artırır. Lakin, əmlak sərvətinin səviyyəsinin dəyişməsinin istehlaka statistik olaraq əhəmiyyətli təsiri müəyyən edilməyib. Eyni zamanda, alınan nəticələrə görə, gəlirin 10% artması nəticəsində ev təsərrüfatları istehlakı 4,8% artırır. Xəta əmsalının qiyməti mənfi və statistik əhəmiyyətli olub. Bu isə ev təsərrüfatlarının istehlakının qısamüddətli şoklardan və 1,6 aydan sonra öz tarazlıq səviyyəsinə qayıtmasını göstərir.

 

Qeyd edək ki, ümumilikdə sərvət effektinin qiymətləndirilməsi ev təsərrüfatlarının maliyyə  və  əmlak sərvətlərinin istehlaka təsirini müəyyən etməyə imkan verir. Belə ki, ev təsərrüfatlarının aktivlərinin artması istehlak vasitəsilə sərvət effekti (maliyyə və əmlak sərvət effekti) yaradır. Bu səbəbdən sərəncamda qalan gəlirin ev təsərrüfatlarının istehlakının əsas amili olmasına baxmayaraq, maliyyə və əmlak sərvəti kanallarından istifadə effektiv kontr-tsiklik siyasətin hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

 

Bütövlükdə, istehlaka təsir göstərən amillərin öyrənilməsi iki səbəbdən vacibdir. Birincisi, ev təsərrüfatlarının istehlak xərcləri ÜDM-də böyük paya malikdir (ÜDM-in 40%-ə qədəri ev təsərrüfatlarının istehlakına düşür) və bu səbəbdən, qısamüddətli dövrdə  istehlakın dəyişməsi ÜDM-in dinamikasına əhəmiyyətli təsir edə bilər. İkincisi, ev təsərrüfatlarının istehlak səviyyəsi indiki və gələcək rifah səviyyəsini əks etdirir. Nəticədə, sərvət effektinin qiymətləndirilməsi siyasət qurucuları üçün istehlakın «hamarlanmasında» bələdçi rolunu oynayır.

 

Tədqiqatda deyilir ki, sərvət effekti vektor xətalarının təshihi modeli əsasında qiymətləndirilib. Statistik məhdudiyyətlərə görə, ev təsərrüfatlarının maliyyə sərvəti onların əmanətləri ilə, əmlak sərvəti isə təkrar bazarda evin 1 kv. metrin orta qiyməti ilə əvəzlənib. Qiymətləndirmədə 2007-ci ilin yanvar ayından 2013-cü ilin iyul ayına qədər olmaqla aylıq əsasda statistik məlumatlardan istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR