Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının baş direktoru Aqşin Vəliyev Amerikanın Qarabağ Fondunun icraçı direktoru Dayana Altmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“APA-Economics”in xəbərinə görə, görüşdə xanım D.Altman Amerikanın Qarabağ Fondunun fəaliyyəti, Azərbaycanın mədəniyyətinin təbliğində görülmüş işlər və ölkələr arasında iqtisadi və mədəni əlaqələrin inkişafına verilmiş töhfələr barədə danışıb.
A.Vəliyev nümayəndə heyətinə AMB haqqında, o cümlədən Azərbaycanda pul nişanlarının fəlsəfəsi və dizayn konsepsiyasına dair ətraflı məlumat verib.
Sonra Amerikanın Numizmatlar Assosiasiyasının üzvü Coel Forman Amerikanın tanınmış "Coin World" jurnalında çap olunmuş Azərbaycanın numizmat tarixinə həsr edilmiş məqaləsi barədə məlumat verib. C.Forman Azərbaycanın Amerikanın Numizmatlar Assosiasiyasının üzvləri sırasına qəbul olunmasını xüsusilə qeyd edərək, üzvlüyü təsdiq edən sertifikatı Mərkəzi Banka təqdim edib.
Qeyd edək ki, Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramları həyata keçirir.