Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda gömrük sahəsində yeni qanun layihəsi hazırlanıb. APA-nın məlumatına görə, Milli Məclisin iqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında dövlət başçısının təşəbbüsü ilə təqdim olunan «Gömrük tarifi haqqında» yeni qanun layihəsinin müzakirəsi başlayıb.
Layihəni təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var. Layihə barədə məlumat verən Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov isə qeyd edib ki, yeni qanun idxalın əmtəə üsulunu təkmilləşdirəcək və Azərbaycan iqtisadiyyatını xarici rəqabətdən, müdaxilədən qoruyacaq.
Yeni qanun layihəsi gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatının xarici rəqabətin mənfi təsirindən qorumaq, dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.
Sənəddə malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannamənin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azad etmə və tarif güzəştləri də əksini tapır. Layihə ətrafında müzakirələr davam edir.