Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə əsasən, dekabr ayında Azərbaycanda 1,72% inflyasiya qeydə alınıb: «Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Ən yüksək artım isə ərzaq məhsulları üzrə qeydə alınıb – 5,87%. Qeyri-ərzaq məhsulları dekabrda 0,49%, xidmət tarifləri isə 0,28% bahalaşıb».
Noyabr ayına nisbətən dekabrda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,24%, regionlarda isə 1,2% bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,68%, regionlarda 8,03%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,75% və 0,23%, xidmət tarifləri isə 0,34% və 0,22% artıb.
«Hesablamalar göstərib ki, 2012-ci il ərzində ölkədə 9,92%, o cümlədən Bakıda 14,76%, regionlarda isə 5,17% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 18,15%, xidmətlər 5,47%, qeyri-ərzaq məhsulları isə 3,37% bahalaşıb», - deyə İTM-dən bildirilib.
İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında dekabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıb. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 172,48 manat, pensiyaçılar üçün 154,64 manat, 0-14 yaşlı uşaqlar üçün isə 209,94 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,97 manat, pensiyaçılar 94,21 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 116,15 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,98 manat, pensiyaçılar üçün 37,82 manat, 0-14 yaşlı uşaqlar üçün 76,06 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.
Xatırladaq ki, «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün isə 87 manat məbləğində müəyyən edilib.