Bank Of Baku

Azərbaycan statistika sistemini təkmilləşdirəcək

Azərbaycan statistika sistemini təkmilləşdirəcək
# 22 dekabr 2012 11:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda statistika sisteminin təkmilləşdirilməsi planlaşdırılır. «APA-Economics»in xəbər verdiyi kimi, bu, «2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı» Dövlət Proqramında əksini tapıb.


Proqrama əsasən, gələn illərdə vahid statistik informasiya sisteminin inkişafı bölməsində dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin yaradılması və təkmilləşdirilməsi, Dövlət Statistika Komitəsində «e-sənəd dövriyyəsi-kargüzarlıq» sisteminin inkişaf etdirilməsi, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron formada verilməsinin təmin olunması, yerli statistika orqanlarında Statistik Vahidlərin Dövlət Registrinin elektron informasiya sistemləri ilə aparılması, dövlət orqanlarından alınan inzibati məlumatların mübadiləsi və statistik registrin aktuallaşdırılması (yenilənməsi) mexanizminin təkmilləşdirilməsi, kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması, Komitənin internet səhifəsinin təsnifatlar bölməsinin təkmilləşdirilməsi, axtarış və yükləmə funksiyalarına malik təsnifatlar bazasının yaradılması, coğrafi informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi üzrə işlər həyata keçiriləcək.


Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin tətbiqi sahəsində nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunacaq, Komitənin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin ediləcək. Bunlardan əlavə, milli təsnifatlar sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının daha da inkişaf etdirilməsi yaxın 5 il ərzində ölkə statistikasının prioritet vəzifələrindən biri olaraq qalacaq.


BMT-nin Statistika Komissiyasının tövsiyələri nəzərə alınmaqla, təhsilin, iqtisadi fəaliyyət növlərinin, məhsul növlərinin və sənaye məhsullarının təsnifatları yenidən işlənəcək ki, bu da mövcud statistik informasiya resurslarının yenidən kodlaşdırılmasına imkan yaradacaq. Bütün bunlar son nəticədə beynəlxalq və milli səviyyədə statistik informasiyaların müqayisəliliyinin təmin olunması, statistik məlumatların işlənməsinin keyfiyyətinin artırılması, informasiya sistem və resurslarının qarşılıqlı əlaqələrinin təmin edilməsi ilə nəticələnəcək.


Dövlət statistika orqanlarının fəaliyyətinin idarə edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Komitə tərəfindən təqdim edilən və digər dövlət qurumlarından alınan inzibati məlumatlara dair məlumat bazasının, statistik işlərin əmək tutumunun uçotunun avtomatlaşdırılmış sistemlərinin yaradılması və aparılması, ölkədə həyata keçirilən islahatlar çərçivəsində Bakı şəhəri rayonlarının statistika şöbələrinin və digər yerli statistika orqanlarının təşkilati strukturuna yenidən baxılması, regional qurumların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, statistika sisteminin İKT avadanlıqlarının yeniləşdirilməsi, daha müasir standart proqram təminatı paketlərinin, informasiya bazalarının, məlumat bazalarının idarə edilməsi sistemlərinin (MBİS) alınması və tətbiqi ilə bağlı tədbirlər həyata keçiriləcək.

 

Eyni zamanda yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binaların tikintisi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR