Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan STEFI (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi üzrə mübadilə apardığı ölkələrin sayını genişləndirir.
«APA-Economics»in «Azərpoçt» MMC-yə istinadən verdiyi məlumata görə, Azərbaycan Belarus ilə STEFI təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadilə aparacaq: «STEFI elektron pul köçürmələri üzrə Ümumdünya Poçt İttifaqının regional layihəsinin icrası ilə bağlı «Azərpoçt»la Belarus Poçtu arasında təcili elektron pul köçürmələrinin sınaq testinə başlanılıb. Hər iki ölkə arasında bu əməliyyatın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bütün texniki məsələlər ən yüksək səviyyədə həll edilib».
Qeyd edək ki, hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFI sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.