Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-sentyabr aylarında 28,056 mlrd. manat, məxaric hissəsi isə 28,321 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 20,9%, məxaric hissəsi isə 16,3% artıb.
Beləliklə, bu ilin ilk 9 ayında bank kassa dövriyyəsində 265 mln. manat həcmində mənfi saldo yaranıb və bu dövr ərzində 360,0 mln. manat həcmində pul emissiyası həyata keçirilib. İllik müqayisədə pul emissiyası 3,2 dəfə azalıb.
Qeyd edək ki, bank sistemi vasitəsi ilə pul emissiyasının kəskin azalması ilk baxışdan özəl iqtisadiyyatda pul çatışmazlığının azalmasından xəbər verir və ya Mərkəzi Bank tərəfindən emissiyanın kəskin məhdudlaşdırıldığını göstərir. Lakin «Ekonomist» jurnalının («APA Holding») ekspertləri hesab edirlər ki, faktiki olaraq hər iki ehtimal yanlışdır: «Bu ilin ilk 9 ayında ümumi manat pul kütləsi (M2 aqreqatı) 1 mlrd. manat artıb. Beləliklə, pul emissiyası həyata keçirilir, lakin bunun üçün digər kanallar, bank sistemindən kənar olan yollardan istifadə olunur».
Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 17,377 mlrd. manat və ya ümumi mədaxilin 61,9%-i daxil olub. Digər iri mənbələr sırasında hüquqi şəxslərdən daxilolmaları (6,574 mlrd. manat və ya 23,4%), fiziki şəxslərdən olan daxilolmaları (2,196 mlrd. manat və ya 7,8%) qeyd etmək olar.
Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 11,797 mlrd. manat (41,7%), hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 8,640 mlrd. manat (30,5%), bankomatlara pul qoyuluşunun payına isə 7,122 mlrd. manat (25,2%) düşür.