Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-noyabr aylarında 29,037 mlrd. manat, məxaric hissəsi isə 30,261 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-noyabr aylarına nisbətən 32,7%, məxaric hissəsi isə 31,9% artıb.
Beləliklə, yanvar-noyabr aylarının nəticələrinə görə, bank kassa dövriyyəsində 1,224 mlrd. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 1,168 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. Emissiyanın həcmi 2011-ci ilin 11 ayına nisbətən 2,1% artıb.
Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 18,129 mlrd. manat və ya ümumi mədaxilin 62,4%-i daxil olub. Digər iri mənbələr sırasına 6,090 mlrd. manat həcmində və ya xüsusi çəkisi 21,0% olan hüquqi şəxslərdən daxilolmalar, 2,734 mlrd. manat həcmində və ya xüsusi çəkisi 9,4% olan fiziki şəxslərdən daxilolmalar aiddir.
Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 11,332 mlrd. manat və ya 37,4%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 9,662 mlrd. manat və ya 31,9%, bankomatlara pul qoyuluşunun payına 7,942 mlrd. manat və ya 26,2% düşür.