Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-oktyabr aylarında 26,101 mlrd. manat, məxaric hissəsi isə 27,335 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-oktyabr aylarına nisbətən 33,5%, məxaric isə 32,9% artıb.
Beləliklə, yanvar-oktyabr aylarının nəticələrinə görə, bank kassa dövriyyəsində 1,254 mlrd. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 1,229 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. Nəticədə, emissiyanın həcmi 2011-ci ilin 10 ayına nisbətən 16,4% artıb.
Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşüb. Belə ki, bu mənbədən bank kassalarına 16,173 mlrd. manat və ya ümumi mədaxilin 62,0%-i daxil olub. Digər iri mənbələr sırasında 5,495 mlrd. manat həcmi və ya xüsusi çəkisi 21,1% olan hüquqi şəxslərdən daxilolmaları, 2,539 mlrd. manat həcmi və ya xüsusi çəkisi 9,7% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.
Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 10,214 mlrd. manat və ya 37,4%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 8,738 mlrd. manat və ya 32,0%, bankomatlara pul qoyuluşunun payına 7,176 mlrd. manat və ya 26,3% düşüb.