«APA-Economics»in Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) istinadən məlumatına görə, 2012-ci il dekabrın 1-nə reyestrdə 1 499 318 borcalan haqqında məlumat toplanıb ki, bunun da 1 475 581-i, yəni 98,4%-i fiziki şəxs, 1,6%-i, yəni 9 129-u hüquqi şəxs olub. Son bir ildə, yəni 2011-ci ilin dekabrın 1-dən indiyədək MKR-də qeydiyyata alınan borcalanların sayı 31,3% artıb. Bu dövrdə reyestrdə qeydə alınan borc alan fiziki şəxslərin sayı 31,5%, hüquqi şəxslərin sayı isə 9,2% artıb.
Bu dövrdə borcalanlara zamin duranların sayı təqribən 48% artaraq 4 milyonu keçib (4 065 375 nəfər). Ümumilikdə, yəni 2006-cı ilin martından indiyədək bankdan kredit alan fiziki şəxslərin sayı təqribən 2 dəfə, zaminlərin sayı isə 2,8 dəfə artıb.
Reyestrin məlumatlarından məlum olur ki, istehlak kreditləşməsinin artması fonunda banklar fiziki şəxslərə kreditlər verərkən daha çox zamin tələb etməyə başlayıblar.
Nəticədə, əgər 2006-cı ilin martında bankdan kredit alan hər fiziki şəxsə orta hesabla 1,9 nəfər zamin dururdusa, dekabrın 1-nə bir kredit alana 2,8 nəfər zamin düşür.