Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən kredit qoyuluşlarının həcmi 2012-ci ilin dekabrın 1-nə 12 042,4 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 189,6 mln. manat və ya 20,1% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda noyabr ayında kreditlər üzrə illik artım 298,9 mln. manat və ya 2,6% təşkil edib.
Dekabrın 1-nə vaxtı keçmiş kreditlərinin həcmi 761,1 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 6,3%-nə bərabərdir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 0,2 faiz bəndi azalıb.
Bankların kredit portfelində əsas yeri ev təsərrüfatlarına verilən kreditlər tutur. Belə ki, ümumi kredit portfelinin 35,3%-i məhz bu kreditlərin payına düşür. Bununla yanaşı, ticarət və xidmət sahəsinə verilən kreditlər də yüksək paya (23,8%) malikdir.