Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 10,9% artaraq 25,7 mlrd. manat olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak məhsullarının 99,8%-i qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 10,8%-i hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb. Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin səviyyəsini
10,9% üstələyərək 25682,7 mln. manata bərabər olub.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 224,9 manatlıq və ya 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb.
Hesabat ilində pərakəndə şəbəkədə satılmış ərzaq məhsullarının həcmi 2014-cü ilin səviyyəsini 10,1% üstələyərək 12871,2 mln. manata çatıb. Ticarət dövriyyəsinin həcmi 12849,9 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın həcmi isə 2014-cü illə müqayisədə 12,8% çox olub.
2015-ci ildə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 112,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır. 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına 15,2 manat, ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının alınmasına 15,0 manat daha çox vəsait xərclənib.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,0 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7%-i avtomobil yanacağının, 6,0%-i elektrik malları və mebelin, 1,2%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
YENİLƏNİB'>