Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 mlrd. 911 mln. manat vəsait yönəldilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2015-ci ilin eyni dövrünə nisbətən 42,21% çoxdur. Başqa sözlə, ötən ilin 4 ayında xarici mənbələrdən əsas kapitala 2 mlrd. 47,1 mln. manat vəsait yönəldilib.
Bu ilin 4 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 mlrd. 507,7 mln. manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran və ABŞ sərmayədarlarına məxsus olub.
2015-ci ilin yanvar-aprel ayları ilə bu ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, əsas kapitala vəsait yönəldən xarici ölkələrin strukturunda dəyişiklik var. Belə ki, əgər ötən ilin ilk 4 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin həcminə görə siyahıda ilk 7-likdə təmsil olunan Norveç və Yaponiya bu il yerlərini Malayziya və İsveçrəyə təhvil verib.