Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevral 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yanvar ayında əlavə olaraq 17 417 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,59% artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 993 735 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1% (1 768 396 nəfər) kişi, 40,9% (1 225 339 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24.6%-ni (735 918 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22%-ni (658 637 nəfər) 30 yaşa kimi olan şəxslər, 21%-ni (631 124 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2%-ni (632 222 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,2%-ni (335 834 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.