Bank Of Baku

Azərbaycanda həyat sığortasının sürətli inkişafı proqnozlaşdırır - İCMAL

Azərbaycanda həyat sığortasının sürətli inkişafı proqnozlaşdırır - <span style="color: red;">İCMAL
# 14 yanvar 2013 13:35 (UTC +04:00)

 Son vaxtlar ölkədə müxtəlif icbari sığorta mexanizmlərinin tətbiqi, eləcə də, əhalinin və biznesin sığortaya münasibətinin dəyişməsi fonunda sığorta bazarında baş verən proseslər belə deməyə əsas verir.

 

 

Sığorta bazarı sürətlə böyüyür

 

2012-ci ildə Azərbaycanın sığorta bazarında kəskin artım müşahidə olunub. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ötən il Azərbaycanın sığorta şirkətləri ümumilikdə 342,5 mln. manat məbləğində sığorta haqqı toplayıb ki, bu da 2011-ci ilə nisbətən 61% çoxdur. Həyata keçirilən sığorta ödənişlərinin həcmi isə 52%-dən çox artaraq 93,9 mln. manata çatıb. Ötən il icbari sığorta növlərində inkişaf daha ciddi olub, bu sahədə yığımlar 2,5 dəfə, sığorta ödənişləri isə 1,9 dəfə artıb.

 

Həyat sığortasının payı artır

 

Sığorta bazarında həyat sığortası növləri xüsusi yer tutur. Qeyd edək ki, qanunvericiliyə əsasən, həyat sığortası üzrə xidmətlərin göstərilməsi ənənəvi sığorta növlərindən ayrılıb – həyat sığortası ilə yalnız xüsusi olaraq bu məqsədlə təsis edilmiş həyat sığortası şirkətləri məşğul ola bilərlər. Hazırda ölkədə həyat sığortası üzrə bəzi xidmətlər təklif olunur. Bunlar həyatın ölüm halından sığortası, annuitet sığortası, əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, həyatın yaşam sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. Hazırda ən çox sonuncu iki sığorta növündən istifadə olunur.

 

Ötən il həyat sığortası bazarında ciddi artım qeydə alınıb. Həyat sığortası növləri üzrə toplanan sığorta haqları 63%, ödənişlərin məbləği isə 9 dəfə artıb. Bu faktın özü vətəndaşların həyat sığortası ilə bağlı məlumatının artdığını, onun faydalarını daha yaxşı başa düşdüyünü və bu sığorta növünə real tələbatın yüksəldiyini göstərir. Bu dövrdə ən böyük artım həyatın yaşam sığortasında baş verib. Mütəxəssislər həyat sığortasının kəskin artmasını onun əhatə dairəsini sürətlə genişlənməsi ilə izah edir və bildirirlər ki, bu proses qarşıdakı illərdə də davam edəcək.

 

Təhlükəsiz iş yeri

 

Həyat sığortasının ən mühüm növlərindən biri - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanuna əsasən, ölkədə hər hansı fəaliyyətlə məşğul olan demək olar ki, bütün şəxslər bu sığorta növü ilə sığortalanmalıdır. Bura dövlət və özəl qurumlarda əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında çalışanlar, dövlət qulluqçuları, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və s. aiddir. Bu məqsədlə ölkədəki demək olar bütün iş yerləri, yəni təqribən 160 fəaliyyət sahəsi risklilik dərəcəsinə görə 14 kateqoriyaya bölünüb. Belə ki, 1-ci kateqoriyaya həyat üçün ən az riski olan peşələr, 14-cü kateqoriyaya isə ən riskli peşələr və iş yerləri aid edilib. Bölgüyə əsasən, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri baxımından ən risksiz iş yerləri otellər, turizm şirkətləri, bank və sığorta sektorunda, reklam və hüquq sahələrində və s. Ən riskli peşələr isə neft-qaz hasilatı, beton istehsalı, tikinti işləri, gübrə istehsalı, poladtökmə və s. sahələrdədir. İşləyənlərin sığortalanması xərcini işəgötürən tərəf ödəyir. Sığorta haqqının məbləği işçilərin çalışdığı sahələrdən asılı olaraq dəyişir: bu məbləğ sahənin risklilik dərəcəsindən asıl olaraq illik əmək haqqının 0,2-2% arasında dəyişir.

 

Başqa sözlə, işə götürən tərəf həyat sığortası üçün hər işçiyə görə orta hesabla əmək haqqının 1%-i qədər sığorta haqqı ödəyərək (orta aylıq əmək haqqı 500 manat olan müəssisədə bu cəmi 5 manatdır), bunun sayəsində işçilərlə bağlı baş verə biləcək bütün risklərdən sığortalana biləcək. Hər hansı bir işçi ilə əlaqədar bədbəxt hadisə baş verdikdə işəgötürən əlavə xərclər çəkməli olmayacaq. Qanuna əsasən, bu sığorta növü üzrə müqavilə bağlamış şəxslər sığorta hadisəsi baş verəcəyi təqdirdə aylıq, birdəfəlik və ya əlavə sığorta ödənişi ala bilərlər.

 

İşçi də qorunur, işə götürən də

 

Bu sığorta növünün işçilər və işəgötürənlər üçün nə qədər mühüm olduğunu demək artıqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərovun sözlərinə görə, həyat sığortasının tətbiqi istehsalatda zərər çəkənlərə kompensasiya verilməsi ilə bağlı indiyədək mövcud olan problemləri aradan qaldıracaq: «Bədbəxt hadisələr nəticəsində istehsalatda xəsarət alanlar bir sıra hallarda müəssisənin ləğv olması, pul olmaması və s. səbəblərə görə, ona dəyən zərərə görə kompensasiya ala bilmirlər. SSRİ dövründə işləyən müəssisələrdə, məsələn poladtökmə kombinatı, şin zavodu və s. Zavodlarda, hansı ki, fəaliyyətini dayandırıb, işləyərək xəsarət alanlar onlara dəyən zərərə görə ödənişlərini ala bilmirdilər. Çünki müəssisə fəaliyyət göstərmir, nəticədə kompensasiyanı dövlət verməli olur. Vaxtilə kolxoz-sovxozlarda çalışarkən xəsarət alanların da kompensasiyalarını dövlət büdcəsi ödəyir. Həyat sığortasının işə düşməsindən sonra isə hər hansı müəssisədə işçi xəsarət alarsa, həmin müəssisə fəaliyyətini dayandırsa da, başqa yerə köçsə də, xarici müəssisə olaraq ölkədən çıxıb getsə də, hətta müflis olsa da, orada xəsarət alan işçi vaxtilə edilmiş həyat sığortasına görə sığorta şirkətindən kompensasiyasını problemsiz ala biləcək».

 

Problemin miqyasını göstərmək üçün, qeyd edək ki, hər il Azərbaycanda rəsmi məlumatlara görə, 220-260 bədbəxt hadisə baş verir, 2012-ci ildə baş verən bədbəxt hadisələr 82 insanın ölməsi ilə nəticələnib, 159 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli isə bildirir ki, yeni qanun qəbul edilənədək xəsarət alanlara kompensasiya işə götürən tərəfindən ödənilməli olduğuna görə, belə hallar müəssisələrə böyük maddi zərər vurur, bəzən az qala müəssisənin müflis olmasına səbəb olurdu. Nəticədə, bəzi şirkətlər müxtəlif yollarla belə ödənişlərdən yayınmağa çalışırdılar: «Bu qanunun qəbulundan sonra isə bu öhdəlik sığorta şirkətinin üzərindədir. Yəni, şirkət öz işçilərini sığorta etdirməklə bu çətinliklərdən azad olur».

 

Bu sığorta növü üzrə ödənişlərə misal göstərək. İllik əmək haqqı fondu 5 000 manat təşkil edən, həyat yoldaşı və 10 yaşlı övladı olan işçi iş yerində yüksək elektrik gərginliyi altına düşərək həlak olduqda, onun həm həyat yoldaşına, həm də övladına birdəfəlik ödəniş verilir. Bu zaman ödənişin ümumi məbləği 33 min manat olur, bunun 9,5 min manatı həyat yoldaşına, 23,5 min manatı həlak olanın övladına çatır.

 

Digər misal: illik əmək haqqı fondu 6 min manat (aylıq 500 manat) olan 42 yaşlı işçi şəxs yol qəzasına düşərək və ya digər hadisə (avtomobil vurması, ilan sancması, yıxılması və s.) nəticəsində əmək qabiliyyətinin 60%-ni həmişəlik itiribsə, sığorta şirkətindən 44 875 manat birdəfəlik ödəniş alır. Əgər həmin şəxs əmək qabiliyyətini bir il müddətinə 60% itiribsə, sığorta şirkəti ona hər ay 300 manat, yəni aylıq əmək haqqının 60%-ni ödəyəcək və s. Qeyd edək ki, bu sığorta növü ilə bağlı ödənişlər Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sxemlər və  cədvəllər əsasında aparılır.

 

Artıq şirkətlər həyat sığortasına həvəslə maraq göstərir – xüsusilə iri şirkətlərin əksəriyyətində işçilərin sığortalanması prosesi başa çatıb. ARDNŞ, iri sement zavodları və s. kimi müəssisələr bu sığortanın üstünlüklərini bildiklərinə görə, gələcəkdə baş verə biləcək mənfi hallardan sığortalanmağa çalışır. Həyat sığortasına kiçik şirkətlər də maraq göstərməyə başlayıb – bu sahədə aparılan maarifləndirmə işləri öz nəticəsini verir. Yəni, biznes bu məsələnin vacibliyini, həyat sığortasının həm işçiyə, həm də şirkətə sərfəli olduğunu başa düşür.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi iş yerində təhlükəsizliyin yüksəldilməsinə də səbəb olur. «PAŞA Həyat Sığorta» şirkətinin risklərin idarə olunması şöbəsinin rəhbəri Pərviz Quliyevin sözlərinə görə, bu sığorta növü üzrə müqavilə bağlananda işəgötürən şirkət iş yerində əmək şəraiti barədə məlumat verməlidir. Əgər bu şərait tələblərə cavab vermirsə, sığorta şirkəti təhlükəsizliyin artırılması üçün əlavə tədbirlər görülməsini tələb edə bilər, bu edilməzsə, müqavilə ləğv edilə və ya ümumiyyətlə bağlanmaya bilər.

 

Bank əmanəti kimi sərfəli

 

ASA-nın Komitə sədri Mustafa Abbasbəyli həyat sığortası növləri arasında faydalılığına görə həyatın yaşam sığortasını xüsusi qeyd edir və bunu hətta əhəmiyyətinə görə pensiya təminatı sistemi ilə müqayisə edir. Qeyd edək ki, bu sığorta növünə əsasən işçi öz maaşını bütünlüklə və ya onun bir hissəsini 3 il ərzində sığorta şirkətinə ödəyərsə, və 3 il ərzində həmin məbləğ geri tələb edilməsə, həmin məbləğ gəlir vergisindən (minimum 14%) və sosial sığorta haqqından (3%) azad olunur. Bu üsulla sığortalı şəxs böyük məbləğdə qazanc götürmüş olur. Məsələn, hər hansı şəxs maaşının 500 manatlıq hissəsini hər ay yaşam sığortasına yönəltsə, bu hissədən tutulacaq 85 manatlıq  vergi və sosial sığorta haqları tutulmayaraq ona qaytarılacaq ki, bu da 3 il ərzində təqribən 3 min manat gəlir deməkdir. İşçinin çalışdığı şirkət isə onun maaşına görə hesablanan 22% dövlət sosial sığorta ödəmələrindən azad olunur. Şirkət bu vəsaiti işçinin maaşına əlavə edə və ya onu digər ehtiyaclarına yönəldə bilər. İnsanlar bu üstünlüyü hiss etdikcə yaşam sığortasına maraq da sürətlə artır.

 

İnkişaf perspektivləri

 

Artıq qeyd olunduğu kimi, qarşıdakı illərdə həyat sığortası bazarının sürətli inkişafı və əhatə dairəsinin genişlənməsi davam edəcək. Əvvəla, icbari sığorta getdikcə daha çox müəssisə və təşkilatı və işçini əhatə edəcək. Ölkə üzrə iqtisadi aktiv əhalinin sayını, orta aylıq əmək haqqını və sığorta haqqının əmək haqqının təqribən 1%-i ətrafında olduğunu nəzərə alanda, hər il təkcə istehsalatdakı bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta növü üzrə 190 mln. manata yaxın, yəni indikindən 8 dəfə artıq sığorta haqqı yığıla bilər.

 

P.Quliyevin sözlərinə görə, həyat sığortası, xüsusilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi gizli məşğulluğun aradan qaldırılmasında mühüm rol oynaya bilər: «Xüsusilə risklərin böyük olduğu tikinti və s. sahələrdə çalışanlar sığorta olunmaları üçün işə götürəndən onlarla əmək müqaviləsini bağlamağı tələb edə bilərlər. Çünki qanuna görə, bu sığorta növləri ilə yalnız əmək müqaviləsi bağlanmış işçilər sığortalana bilər».

 

Amma bu təkcə inzibati tədbirlərlə bağlı deyil. Bazar iqtisadiyyatının inkişafı, biznes proseslərinin genişlənməsi və aktivləşməsi özü belə sığorta növünə tələbatı stimullaşdırır. Artıq iş adamları bizneslərinin taleyinin bədbəxt hadisədən asıl olmasını istəmir və icbari sığortanın bu məsələdə ən sərfəli variant olduğunu başa düşürlər. Nəticədə, sığorta xidmətlərinə real tələbat ildən-ilə yüksəlir.

 

Məqalə “PAŞA Həyat Sığorta” şirkətinin elan etdiyi “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinə təqdim edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR