Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 425,7 min nəfər olub və onlardan 854,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 571,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, muzdla işləyənlərin 23,6%-i təhsildə, 19,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 9,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,6%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.
Komitənin məlumatında vurğulanır ki, müşahidələrə əsasən, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir və onların statistik uçotla əhatə olunması mümkün olmur.
Bu ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 403,3 manat təşkil edib, yanvar-oktyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 390,2 manat olub.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.