Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya Qaydaları»nı təsdiq edib.
«APA-Economics»in məlumatına görə, bu qaydalar qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşğul olmaq üçün attestasiya qaydalarını müəyyən edir. Attestasiyanın keçirilməsində məqsəd qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə məşğul olmaq istəyən şəxslərin bilik və bacarıqlarının onların qiymətli kağızlar bazarında iddia etdikləri müvafiq funksiyalara uyğunluğunu müəyyən etməkdir. Attestasiya rəhbər və sıravi əməkdaşlar olmaqla iki kateqoriya üzrə aparılır. Attestasiyanın keçirilməsi üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 5 əməkdaşından ibarət mərkəzi attestasiya komissiyası yaradılır.
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almaq istəyən, habelə həmin xüsusi razılığa (lisenziya) malik olan şəxslər və ya səhmdarların reyestrini özü aparmaq istəyən səhmdar cəmiyyətləri attestasiyadan keçməlidir.
Attestasiya zamanı test üzrə cavablar məqbul hesab edilmədikdə 1 aydan sonra, attestasiyaya gəlmədiyi halda isə 3 aydan sonra ərizəçi attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.
Attestasiyadan keçməyi göstərən ixtisas şəhadətnaməsi 5 il müddətinə verilir. İxtisas şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində həmin ixtisas üzrə son 2 il fasiləsiz iş stajına malik və ya son 5 il ərzində fasilələrlə 3 il 6 ay iş stajına malik olan şəxs yeni ixtisas şəhadətnaməsini attestasiyadan keçmədən əldə edir.